Node.js & Express.js: İlk Serverimizi Quraq!

Node.js & Express.js: İlk Serverimizi Quraq!

13.09.2023

1458

Kompüterlər arasında əlaqə

 

Günümüzdə, hər an internet üzərindən məlumat mübadiləsi aparırıq. Ancaq bu alış-verişin necə baş verdiyini heç fikirləşdinizmi? O zaman, cihazınızın serverlə necə əlaqə yaratdığını öyrənməyə başlayaq.

Serverə sorğu göndərmə prosesi restorandan sifariş vermək prosesinə bənzəyir. Fərz edək ki, siz sevdiyiniz restoranın menyusundan bir yeməyi seçdiniz və onu sifariş etmisiniz. Bu sifariş mətbəxdə hazırlanır və sonra sizə təqdim olunur. Server ilə əlaqə prosesi də elə buna bənzər şəkildə baş verir.

İnternetdə üzərində hər hansı veb səhifə və ya proqrama daxil olduğunuz zaman brauzeriniz həmin vebsaytın yerləşdiyi serverə sorğu göndərir. Bu sorğu serverə getmək və xüsusi resurs (məsələn, veb səhifə) tələb etmək deməkdir. Server bu sorğunu alır və lazımi məlumatları hazırlayır, sonra onu sizə geri göndərir. Bu geri qaytarılan məlumat restoranda sifarişinizə cavab kimidir ki, şəkildəki yaraşıqlı oğlan yeməyi gətirib 😄🍔

Məsələn, bir xəbər saytına daxil olduğunuz zaman brauzeriniz həmin sayta sorğu göndərir. Server sorğunu qəbul edir, xəbərləri hazırlayır və sizə geri göndərir. Bu proses çox tez baş verir və istifadəçilər çox vaxt arxa plandakı bu əlaqədən belə xəbərdar olmurlar.

Bu sadə izahatda olduğu kimi, internetdə üzərində baş verən bu əlaqələr də oxşar məntiqlə işləyir. Server ilə əlaqə əslində gündəlik həyatımızda etdiyimiz alış-verişə bənzər bir prosesdir. İnternet dünyasında bu "söhbət" hər gün milyonlarla dəfə təkrarlanır və bu, sürətli və effektiv məlumat mübadiləsini mümkün edir.

 


 

Node.js: Ünsiyyəti Sürətləndirən Həll!

 

Server ilə əlaqəni öyrəndik. İndi isə keçək texnologiyalara.

Bu nöqtədə bizə kömək edən texnologiyalardan biri Node.js-dir. Node.js JavaScript istifadə edərək serverdə tətbiqləri idarə etməyə kömək edən alətdir. Onun sayəsində serverlə qarşılıqlı əlaqə çox sadələşir. Məsələn, istifadəçi səhifəni yenilədikdə və ya formu təsdiq etdikdə Node.js bu sorğunu tez bir zamanda emal edir və istifadəçiyə uygun cavabı təqdim edir.

Bu sadə izahda biz Node.js-in kompüterlər arasında əlaqə prosesini başa düşməyə necə kömək etdiyini gördük. Növbəti hissədə Node.js ilə server tərəfində necə istifadə edəcəyimiz haqqında daha ətraflı məlumat verəcəyik.
 

Node.js və Express.js Sürətli server quraşdırılması

 

“Web development”-ə başlamaq üçün yaxşı seçim öz serverinizi yaratmaqdır. Bunun üçün Node.js və Express.js istifadə edə bilərsiniz. Express.js yüngül və çevik Node.js framework-dür (spesifik işi görmək üçün bir proqramlaşdırma dilinin üzərinə yazılmış yeni bir "dil" , alətlər toplusu) ki, veb proqramların yaradılmasını asanlaşdırır. Express-in əsas məqsədi server tərəfdəki əməliyyatları sadələşdirmək və sürətləndirməkdir. Onun minimalist və modul quruluşu proqramçılara geniş sərbəstlik verir. Aşağıdakı addımları izləyərək sadə bir server qura bilərik:
 

     1. Node.js Yükləmə və Quraşdırma 

 

Əvvəlcə [Node.js-in rəsmi saytından] (https://nodejs.org/) ən son versiyasını endirin və kompüterinizə quraşdırın. Node.js JavaScript-ə server tərəfində işləməyə imkan verir. Daha dəqiq desək, brauzerdən kənarda işlətməyə imkan verir. 

 

 

     2. Layihə Qovluğu Yaradın

 

Bir qovluq yaradın və həmin qovluqda terminalı açıb, aşağıdakı əmrdən istifadə edərək package.json faylı yaradın. Bu yeni node proyekti yaradacaq. 

npm init -y 

 

     

     3. Exspress.js Quraşdırma

 

Layihənizə Express’i əlavə etmək üçün terminalda aşağıdakı əmri yazın:

npm install express

 

 

     4. Əsas Serverin yaradılması

 

Layihənizin əsas qovluğunda fayl yaradın (məsələn, `index.js`) və ona aşağıdakı kodu əlavə edin:

const express = require('express');
const app = express(); const port = 3000;
app.get('/', (req, res) => { res.send('Hello World from Express!'); });
app.listen(port, () => { console.log(`Server is up at http://localhost:${port}.`); });

 

 

     5. Serverin işə salınması

 

Terminalda aşağıdakı əmri yazaraq serverinizi işə salın:

 

node index.js

 

İndi siz brauzerinizdə "http://localhost:3000" ünvanına keçə və sadə Express tətbiqinizin işlədiyini görə bilərsiniz! Bu təməl addımlarla siz Node.js və Express.js istifadə edərək server yaratmağın nə qədər asan olduğunu gördünüz. Gələcək məqalələrdə bu təməllərdən istifadə edərək daha təkmil proqramlar yaratmağı araşdıracağıq.

 

Happy Coding! 👩‍💻👨‍💻

 

Məqaləni hazırladı: Şamil Vasiyev
Təsdiqlədi: Əlinemət İsiyev